Sabiq deputat həbsdə ölüb
Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.
SəhərAzəri-nin məlumatına əsasən, həbsdə olan keçmiş deputatın yaxınları xəbər veriblər ki, həbsdə koronavirusa yoluxmuş Rafael Cəbrayılov müalicə müəssisəsində vəfat edib.
Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov rüşvətxorluqda ittiham edilərək həbs olunmuşdu və ona qarşı öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmışdı.
Həmin ittihamlarla bağlı kifayət qədər sübutlar müəyyən olunduqda ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Sabiq deputatın həbsdə ölümü, ümumiyyətlə məhbusların həbsxanalardakı durumu, xüsusiylə də siyasi məhbusların ölüm təhlükəsi barədə nigarançılıqlara səbəb olub.