İlham Əliyev İranın ittihamlarını bir daha rədd edib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranla əlaqədar yaranmış vəziyyət barədə fikirlərini bölüşüb.
SəhərAzəri-nin məlumatına əsasən,oktyabrın 13-də yayılan müsahibənin mətninə görə Azərbaycan Respublikası prezidenti hər hansı bir ölkənin rəsmi Bakının qərarlarına təsir edə bilməyəcəyini vurğulayıb. İlham Əliyev İran tərəfindən səsləndirilən ittihamları bəhanə adlandırıb, O baş verənlərin əslində Gorus-Qafan yolunda baş verənlərlə əlaqəli olduğunu deyib.
İlham Əliyev Xankəndinə İran nömrəli yük maşınlarının gediş-gəlişi ilə bağlı rəsmi Bakının etirazına İran tərəfindən etinasızlıq göstərildiyini bildirib və yola Azərbaycan tərəfindən yoxlama təyin olunduqdan sonra bunun İranda acıq doğurduğunu deyib.
Azərbaycan Respublikası prezidenti deyib:” Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik.”
İlham Əliyev Azərbaycan Respublikasının əsas prioritetinin qonşu ölkələrlə münasibətlərdən ibarət olduğunu vurğulayıb və İranın öncəki hökuməti ilə məhsuldar əlaqələri yada salıb: “Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik”,-deyə İlham Əliyev bildirib.
Azərbaycan Respublikası prezidenti bir daha İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı ittihamları rədd edib və Cəbrayılda etdiyi çıxışında söylədiklərini təkrarlayıb: “Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb.”