İlham Əliyev Müstəqillik Gününün əleyhinə çıxdı
“18 oktyabr gününü təmtəraqla qeyd etmək yersizdir”
Azərbaycan Respublikasının prezidenti bəyan edib ki, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir.
SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri İlham Əliyev Füzuli rayonunda ictimaiyyət nümayəndələri adı altında bir qrupla görüşündə bildirib.
Dövlət başçısı bununla bağlı deyib: “Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.
Prezident Əliyevin bu açıqlaması dərhal sosial şəbəkələrdə müzakirə obyektinə çevrilərək, istifadəçilərdən bir çoxunun tərəfindən tənqid atəşinə tutulub.
AXCP fəalı Cavid Həsənli özünün Facebook hesabında bu barədə yazıb: “Azad, demokratik seçki yolu ilə seçilmədiyinə görə , özünü müstəqil dövlətin rəhbəri kimi görə bilmir. Sümürgəçi dövlətlər tərəfindən təyin edildiyinin fərqindədir.”
Politoloq Şahin Cəfərli isə 18 oktyabrın dövlət səviyyəsində qeyd olunmamasını bu cümlələrlə şərh edib: “Yəqin yeganə ölkəyik ki, müstəqillik bayramı, özü də 30-cu ildönüm, dövlət səviyyəsində qeyd olunmur.”
Politoloq sonra hakimiyyəti Azərbaycan Xalq Hökumətinin başçısı Məmmədəmin Rəsulzadəyə qısqaclıq etməkdə ittiham edib. “Rəsulzadəyə qısqanc münasibət onun daha çox sevilməsinə, hətta adının digər qurucuları bir az kölgədə qoyacaq səviyyədə önə çıxmasına, Cümhuriyyətə ögey münasibət isə insanların onun tarixinə və irsinə daha çox sarılmasına, bu mövzuda araşdırmaların, kitabların sayının artmasına səbəb oldu. İndi bundan sonra 18 Oktyabr güman ki, ictimaiyyət səviyyəsində əvvəlki illərdən daha isti qeyd edilər. Hakimi-mütləqlər anlamadılar ki, məhdudlaşdırmalar adətən daha çox marağa səbəb olur”, - deyə Natiq Cəfərli yazır.
Xatırladaq ki, bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.