İran-Azərbaycan gərginliyinin pərdəarxası
Zərdüşt Əlizadə sirrləri açdı
Tanınmış siyasi şərhçi Zərdüşt Əlizadə rus mediasına verdiyi müsahibədə İsrail rejiminin Azərbaycanda xeyli fəallaşmasına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, politoloq açıqlamasında son zamanlar təbliğatda təhriflərə yol verilməsi, faktların yanlış təqdim edilməsi və digər məsələlərə diqqət çəkib.
O, İranla Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbibi barədə deyib ki, bunda maraqlı olan tərəf Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyəti Azərbaycan ictimaiyyətinin diqqətini Pandora məsələsindən yayındırmaq istəyir. Pandora sənədlərində konkret fakt qoyulub ki, hakim ailə Londonda 700 milyon dollarlıq mülkün sahibidir. Bu məsələdən diqqəti yayındırmaq üçün heç bir əhəmiyyəti olmayan məsələni yəni İranın yük maşınlarının Qarabağa yük daşımasını şişirdiblər. Bununla əlaqədar isə bəzi adamları və yazarları İranla münaqişə yaratmağa yönəldiblər.
Tanınmış politoloq öz fikrini belə izah edib: İran nə edib? İranın sürücüləri Qarabağa yük daşıyanda onların sənədində Stepanakert yazılıb. Bu olub Azərbaycanın suverenliyinin pozulması. 1960 rus hərbiçisi oturur, Laçın dəhlizi Azərbaycan ərazisindən kənarda qalır, amma bunların suverenliyə dəxli olmur, hansısa İran sürücüsünün sənədində Stepanakert yazılması suverenliyi pozur. Bu nə mənasız yanaşmadır?! O qədər düşük adamlar, olmayan partiyaların sədrləri, 5 qəpiklik jurnalistlər düşüb səhərdən axşama qədər İranı söyürlər. Fakt budur ki, İran bizim qüdrətli cənub qonşumuzdur. Onunla düşmənçilik bizə xeyir deyil.
İranın Ermənistanı dəstəkləməsinin həqiqətə uyğun olmadığını qeyd edən azərbaycanlı politoloq vurğulayıb ki, İranın dini rəhbəri qələbə münasibətilə Azərbaycanı təbrik edib. Deyib ki, Qarabağ Azərbaycan torpağıdır. Digər tərəfdən bu faktdır ki, 1-ci Qarabağ müharibəsində İran Azərbaycana dəstək verirdi, amma bizim hakimiyyət bunu qəbul etmirdi. Sonra nə baş verdi? Heydər Əliyevin hakimiyyətə gəlməyinə İran dəstək verdi. Daha sonra Ermənistan Horadizi vuranda, Heydər Əliyev xahiş etdi, İran hərbçiləri ora gedib erməniləri oradan çıxartdı. Bunlar faktdır. Lakin, indi bu faktlar təhrif olumuş formada təqdim olunur və insanlar da bu təhriflərə inanırlar.