Noy 03, 2021 12:35 Asia/Baku
  • Vergi Məcəlləsinə misli görünməmiş dəyişikliklər edilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artımın gözlənildiyini deyib.

Orxan Nəzərli  həmçinin “Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır.” -deyə bildirib.

Komitə sədrinin müavini Əli Məsimli isə deyib:  Azərbaycan Vergi Məcəlləsi dəyişikliklərə görə “Ginnesin Rekordlar Kitabı”na düşə bilər. Bu, xarici investorları da qorxudur.  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə edilən bəzi dəyişikliklər bunlardan ibarətdir:

Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən verilən maddi yardım, mükafat və təqaüdlərdən vergi tutulacaq.

Mikro-sahibkarlıq subyektləri, qeyri-kommersiya təşkilatları və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni maliyyə sanksiyası müəyyənləşir.

Fiziki şəxslərin mülkiyyətində olan bina, su və hava nəqliyyatı vasitələri istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkarların balanslarında olan əsas vəsaitlər əmlak vergisinə cəlb ediləcək.

Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyalarının əhatə dairəsi genişləndirilir.

Transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara dair müvafiq arayışı vaxtında təqdim etməyən və ya təhrif edilməklə təqdim edən şəxslərə tətbiq edilən maliyyə sanksiyasının məbləği 4 dəfə artırılır.

Nəzarət olunan xarici müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması mexanizmi qanunvericiliyə daxil edilir.

Mehmanxana, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları da vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.

Fiziki şəxslərin güzəştli vergi tutulan ölkələrə (ofşorlara) köçürmələrinin ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilmə olacaq.

Layihəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Teqlər