Dövlət Statistika Komitəsi də təsdiqlədi
Azərbaycana xarici investisiya qoyuluşu azalıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 12% azalıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% az vəsait yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 9,2%, qeyri neft-qaz sektoruna investisiyalar isə 13,1% azalıb.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı UNCTAD-ın son hesabatından aydın olur ki, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmində ciddi azalma baş verib. 2019-cu ildə ölkəyə 1 milyard 504 milyon dollar xarici investisiya yatırılmışdısa, ötən il bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66 faiz azalma deməkdir.
Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiya məbləğində də ciddi azalma baş verib. Xarici ölkələrə 2019-cu ildə 2 milyard 432 milyon dollar, 2020-ci ildə isə 825 milyon dollar investisiya yatırılıb. Bununla belə, Azərbaycan xarici ölkələrə yatırdığı investisiya həcminə görə keçid ölkələri arasında Rusiyadan sonra ikinci ölkə olub.
Hesabatda açıqlanan daha bir göstərici ölkə rezidentlərinin xaricdəki kapitalının və xaricdəki müəssisələrə xalis kreditlərinin həcmi ilə bağlıdır. Bu rəqəmlərdən aydın olur ki, hazırda xaricdə Azərbaycana məxsus kapitalın həcmi 26 milyard 825 milyon dollar həcmindədir. 2019-cu ildə bu göstərici 26 milyard 127 milyon dollar idi. Deməli, ötən il boyunca Azərbaycanın xarici ölkələrdəki kapitalının həcmi 700 milyon dollara yaxın artıb.
Xarici ölkə rezidentlərinin Azərbaycandakı kapital və xalis kreditlərin miqdarı isə 2020-ci ildə 32 milyard 787 milyon dollar olub.