Soçi görüşü Azərbaycanın maraqlarını təmin etmədi
Sammit Rusiyanın dominantlığını təsbit etdi - Ekspertlərin rəyi
Noyabrın 26-da Rusiyanın Soçi şəhərində keçirilən üçtərəfli sammitin nəticələri azərbaycanlı siyasətçilərin çoxunu qan etməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Bizimyol qəzetinin baş redaktoru Bahəddin Həzi Soçi bəyanatını irəliyə doğru bir addım kimi səciyyələndirsə də bildirib: “Bəyanatda "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi bizim əleyhimizə olan ən əsas məqamdır. Bu, əvvəla, regionda vəziyyəti idarə etmək üçün Rusiyanın əlində bir alətdir - istəyəndə hərbi münaqişəni alovlandıracaq, istəyəndə söndürəcək: "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini daim diri saxlamaq Ermənistanın Qarabağa nəzəri iddiası üçün hüquqi fürsəti açıq qoymaqdır. Bu da istəyəndə Minsk Qrupunu " - yəni "status" danışıqlarını "diriltmək" təhdidi ilə Qarabağda "sülhməramlı" hərbi kontingentin müddətini uzatmağa xidmət edəcək.
Londonda yaşayan professor Qubad İbadoğlunun isə Soçi görüşü barədə mövqeyi belə olub ki, bgörüşdən də nəticə əldə edilmədi, əvvəlkilər təkrarlandı. Əldə edilən yeganə nəticə tərəflərin rus sülməramlılarının "töhfə"lərini Rusiyanın rolunu yüksək dəyərləndirib, Brüssel görüşünün effektinin azaldılması olub. Belə ki, Azərbaycan xalqının etiraz etdiyi problemlərin həllinə yol tapmaq yerinə Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, irimiqyaslı döyüşlər getmir, bu, artıq yaxşıdır. Bu müddət ərzində Rusiya tərəfinin yardımı ilə qaçqınların geri qaytarılması istiqamətində böyük iş aparılıb - 53 min nəfər daimi yaşayış yerinə qayıdıb, qonaqlar da Putinin fikirlərinə qoşularaq sülhməramlıların fəaliyyətini yüksək qiymətləndiriblər.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı Soçi görüşünün nəticələri haqda öz Facebook paylaşımında yazır: “Putin Brüssel görüşünün önəmini azaltmağa çalışdı, Avropaya bu mesajı verdi: Güney Qafqaz Rusiyanındır, bu bölgənin ağası Rusiyadır. Putin bu mesajını liderlərin oturuş biçimi ilə də, bölgədə Rusiyanın rolu artırılmalıdır tezisi ilə də ortaya qoydu.”
Alimin fikrincə, Azərbaycan hakimiyyəti Rusiyanın Güney Qafqazdakı hegemonluğunu qəbul edir, Azərbaycan Rusiyanın təsir məkanında qalmalıdır anlayışına sədaqətini ifadə etdi; Prezident dedi ki, Rusiya bizim üçün strateji müttəfiqdən də önəmlidir; O, Rusiyanın monopoliyasında olan Qarabağdan (Xankəndi) danışmadı, Rusiyanı qıcıqlandıracaq heç bir addım atmadı, Qarabağdakı işğalçı rus ordusunun fəaliyyətindən razı olduğunu bildirdi.
“Paşinyan isə Rusiyanın dəstəyini deyil, erməni xalqının səsini almış lider kimi danışdı. Qarabağ məsələsi həll olunmayıb dedi; Putinin üzünə dedi ki, ATƏT-in Minsk qrupu bölgəyə gəlməlidir, yəni bölgədə Rusiyanın ağalığından məmnun deyilik; O dedi ki, Zəngəzur koridoru/dəhlizi olmayacaq, yollar isə açılacaq; Nəticə etibarı ilə Rusiya Paşinyanın ahəngi pozduğunu gördü, onu cəzalandırmaq üçün yeni addımlar atacağı şəksizdir, bu məqsədlə Azərbaycandan istifadə edəcək, Azərbaycanın canı yanacaq”-, yazır Siracəddin Hacı.