Soçi Minsk Qrupunu kənarlaşdırırmı?
Ekspertlərin Soçi görüşünə münasibəti birmənalı deyil
Azərbaycanda siyasətçilər və ekspertlər noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin görüşünün yekunlarını müxtəlif cür qiymətləndirirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Turan Xəbər Agentliyinə bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərinin qəbul etdiyi bəyanatda diqqətçəkən əsas məqamlardan biri «Dağlıq Qarabağ» ifadəsinin işlənməməsi, Ermənistanın iddia etdiyi «hərbi əsirlər» məsələsinin əks olunmamasıdır».
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, Zəngəzur dəhlizini hazırda açmaq mümkün deyil. Çünki praktiki baxımdan 100 kilometrə yaxın dəmir yolu bərpa olunmalıdır. Bu işlər bəlkə də 1 ildən çox vaxt apara bilər. Bunun hələ Naxçıvanda olan qoşulma hissəsi və Ermənistan hissəsi də var. Yəni, qərar qəbul olunsa belə, bunun icrası hələ ki mümkün deyil.
Sabiq nazir vurğulayıb ki, görüşdə Ermənistan tərəfindən başqa ATƏT-in Minsk Qrupunu yada salan olmayıb: «Bu o deməkdir ki, Qarabağ mövzusunda indiki vəziyyət davam edəcək. Azərbaycan tərəfi işğala son qoyub və müvəqqəti olaraq reinteqrasiya prosesi üçün bizə sülhməramlı qüvvələr kömək edir. Bu reinteqrasiya prosesinin formatını Azərbaycan seçib və bu formatda Azərbaycan, Rusiya və Türkiyə var. Ona görə də Nikol Paşinyanın Minsk Qrupu ilə bağlı bəyanatı yalnız bir istəkdir».
Və nəhayət siyasi şərhçisi Zərdüşt Əlizadə bildirib ki, Soçidəki görüşün nəticələri var: «Rusiya çalışırdı ki, münaqişə həllini tapmasın, vəziyyət mürəkkəbləşsin. Onun məqsədi bu idi. Lakin işə Avropa İttifaqı qarışdı və qərarlaşdırıldı ki, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında siyasi danışıqlar olsun. Bu, Rusiyanın tək vasitəçiliyi üçün təhlükə idi».
Politoloq hesab edir ki, bunun qarşısını almaq üçün Vladimir Putin Azərbaycan prezidentini və Ermənistan baş nazirini Soçiyə çağırdı: «Həmin görüşdə qərar qəbul olundu ki, iki məsələ ilə bağlı hansısa bir proses başlasın. Proses də ondan ibarətdir ki, tərəflər delimitasiya ilə bağlı komissiya yaradırlar və danışıqlar aparırlar. Delimitasiya prosesi 30 il də davam edə bilər, amma əsas odur ki, danışıqlar gedir. İkincisi də kommunikasiyaların açılması ilə bağlı ümumi razılıqlar əldə olundu. Burada da müəyyən irəliləyiş var».