Dek 02, 2021 10:15 Asia/Baku
  • Tofiq Yaqublu polis əməkdaşları tərəfindən möhkəm döyüldüyünü deyir

Azərbaycanlı siyasi fəal Tofiq Yaqublu polis tərəfindən möhkəm döydüldüyünü deyib.

SəhərAzəri-nin məlumatına əsasən, dekabrın 1-də  “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun sifət nahiyyərində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda Yaqublunun göz üz nahiyyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. 

Yaqublu bu haqda mediaya bildirib ki, aksiyanın keçirildiyi Fəvvarələr meydanına təzəcə daxil olan zaman polis tərəfindən saxlanılıb.

“Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada bandotdeldən xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra da sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Başımda torba olduğundan hara olduğnu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar"-, deyə o qeyd edib.

Yaqublu başına gələnlərlə bağlı şikayət edəcəyini bildirib.

İddiaya cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

Nazirliyin məlumatında deyilir ki, "1 dekabrda bir qrup şəxs Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd edərək ölkədə xüsusi karantin rejimi qaydalarını pozub".

Cəhdin qarşısı polis tərəfindən qətiyyətlə alınıb. Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polisə müqavimət göstərmək istəyən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən çıxarılıb.

Teqlər