Dek 18, 2021 13:02 Asia/Baku
  • Maaş və müavinətlərin artımı inflyasiyanın artmasına gətirib çıxaracaq

Azərbaycanda gələn il inflyasiyanın daha da artacağı gözlənilir

SəhərAzəri-nin Turan İnformasiya Agentliyinə istinadla yaydığı məlumata əsasən, 2022-ci il dövlət büdcəsi layihəsini deputatlara təqdim edən maliyyə naziri Samir Şərifov 2022-ci il yanvarın 1-dən xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi məqsədilə maaş, əmək təqaüdü, sosial yardım, pensiya və digər sosial müavinətlərin artacağını vəd edib. Sosial xərclərin artımı büdcənin 46,4%-nə qədər olacaq, bu da 2021-ci illə müqayisədə 13,5% çoxdur.

Deputat Vüqar Bayramovun sözlərinə görə, 2022-ci il müstəqillik illəri ərzində sosial xərclərin payının ən böyük olduğu il olacaq. Belə ki, gələn il hər 100 manatdan 46,4 manatı sosial məqsədlə istifadə olunacaq.

Bəzi ekspertlər isə hesab edirlər ki, əmək haqlarının, pensiyaların cüzi artımı, adətən olduğu kimi, növbəti qiymət artımına və inflyasiyanın artmasına səbəb olacaq. Azərbaycanda orta illik inflyasiya 6,5% səviyyəsində gözlənilir.

İqtisadçı Rövşən Ağayev öz hesablamalarında Azərbaycanda rəsmi inflyasiya rəqəmlərinin yanlış hesablandığı qənaətinə gəlir. O, mətbuatda yayılmış 2022-ci il dövlət büdcəsinin sosialyönümlü olması ideologiyasını təkzib edir.

O yazır ki, 2022-ci ildə minimum istehlak səbətinin dəyəri 7% artacaq. Bu səbətin 70%-ni ərzaq məhsulları təşkil edir. Azərbaycan hesablamalarında tətbiq edilən istehlak səbəti üçüncü dünya sakinləri üçün nəzərdə tutulub.

Rövşən Ağayevin düşüncələrini təsdiq edən iqtisadçı Rəşad Həsənquliyev xatırladır ki, 2021-ci ildə yekun inflyasiya proqnozlarının 9,5-10,5% səviyyəsində olub və indi hamı bunu bazardakı qiymətlərdən görür. Həsənquliyev vurğulayır ki, inflyasiyanın artması qaçılmaz olacaq.

Xatırladaq ki, 2022-ci il yanvarın 1-dən dövlət ümumtəhsil məktəblərinin və elm-təhsil müəssisələrinin müəllimlərinin, direktor və direktor müavinlərinin, dövlət büdcəsindən maliyyələşən fondların, komissiyaların və bir sıra digər qurumların əməkdaşlarının əmək haqqı orta hesabla 20% artırılacaq.

Teqlər