Makron Azərbaycanı alqışladı
Fransanın Qarabağ məsələsində səmimiliyinə inanmaq olarmı?
Fransa prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Bu barədə Fransa lideri tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “On erməni əsgəri azad edildi. Mən Avropa İttifaqının həlledici addımını alqışlamaq istəyirəm, onun köməyi ilə biz Azərbaycan və Ermənistan arasında sülhə aparan bu dialoq yolunu davam etdirəcəyik. Biz irəli gedirik”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası prezidenti ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində hücumun qarşısı alınarkən saxlanılmışdılar.
Yeri gəlmişkən bildirək ki, Fransa prezidenti iyunun 23-də Ermənistanın baş nazirinə parlament seçkilərində qələbəsi münasibətilə yazdığı məktubda Qarabağ məsələsi və hüquqi dövlət quruculuğu sahəsində Ermənistana tam dəstək verməyə hazırlığını bildirib.
Makron, həmçinin Fransanın Qarabağ probleminin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə də hazır olduğunu vurğulayıb. O yazıb ki, regionda siyasi stabilliyin yeganə yolu ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı nizamlama danışıqlarının bərpasıdır.
Qeyd edək ki, Fransa liderinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bu vaxtadək Azərbaycanda narazılıqla qarşılanıb. Hazırda isə rəsmi Parisin öz mövqeyində korrektə etməsi bəzi müşahidəçiləri qane etsə də, əksəriyyət buna şübhə ilə yanaşır və Parisin sülh danışıqlarında Ermənistana divident qazandırmağa çalışdığı qənaətindədir.