Azərbaycan Minatəmizləmə Agentliyi yeni hesabatını yaydı
Ərazilərdə 44 min mina zərərsizləşdirilib
Azərbaycan Respublikasında 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 44 min mina zərərsizləşdirilib.
SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci il ərzində Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində ümumilikdə 20 165 hektar ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Minatəmizləmə işləri ANAMA mütəxəssisləri tərəfindən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri ilə birlikdə aparılır.
Onun sözlərinə görə, ötən ilin yekunlarında 6 000 hektar ərazinin təmizlənmə öhdəliyi qarşısında, ANAMA-nın minaaxtaranları 6 201 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyərək aidiyyəti üzrə təhvil verib.
O bildirib ki, ötən il imzalanan müqavilələrə əsasən 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır.
Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 40 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.