İranın yol və şəhərsalma naziri Füzuli rayonunda bərpa işləri ilə tanış olub
İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələri ilə tanış olublar.
SəhərAzəri-nin məlumatına əsasən,İlk növbədə qonaqlara təyyarənin Tehrandan birbaşa reyslə endiyi Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib,
Sonra nümayəndə heyəti Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb.
Qonaqlar, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci hava limanı – Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar.
Daha sonra azad olunmuş ərazilərdə inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.
İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi heyət dünən axşam Füzulidən Bakıya gəlib.