Fev 05, 2022 11:02 Asia/Baku
  • Fransa prezidenti nəyə nail olmaq istəyir?

Fransa prezidenti Emmanuel Makron cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə videokonfrans keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu görüş Azərbaycan və Ermənistan arasında dialoqun və humanitar əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyıb.

Fransanın dövlət başçısı bu videokonfransda bildirib: “Biz əvvəlki görüşlər və müzakirələr zamanı çox şey əldə etmişik və əsas məqamlar üzrə müzakirələri davam etdirməyimiz çox vacibdir”.

Videokonfransda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edib.

Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət ayırıb.

Videokonfrans dörd liderin ötən ilin dekabrında Brüsseldə keçirilən görüşlərinin davamıdır.

Xatırladaq ki, ötən il dekabrın 16-da Fransa tərəfinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüş keçirib. Görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusən də dəmir yolu xəttinin çəkilməsi məsələlərini müzakirə ediblər.

Makronun təşəbbüslərinə gəlincə qeyd edilir ki, o Ermənistan-Azərbaycan dialoqunu intensivləşdirmək və bunun üçün öz vasitəçiliyini təklif etməklə bir tərəfdən Ermənistana divident qazandırmağa çalışır, digər tərəfdən isə ölkədəki erməni seçicilərin rəğbətini qazanmağı hədəfləyib.

 

Teqlər