Rəsmi Bakı qeyri-qanuni rejimə qarşı ölçü götürür?
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Araik Arutunyanın tutularaq istintaqa cəlb olunmasının təmin ediləcəyindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, 44 günlük müharibədən bir ildən çox zaman keçsə də hələ Azərbaycan torpaqlarında yaradılmış qeyri-qanuni seperatçı rejim fəaliyyətini davam etdirir və onun başçılarına qarşı rəsmi Bakı tərəfindən heç bir ölçü götürülməyib. Bu gün isə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Araik Arutunyanın tutularaq istintaqa cəlb olunmasının təmin ediləcəyindən xəbər verib. Bu açıqlama Xankəndidəki separatçı rejimə qarşı passivlik və ehtiyatlı davranmaya son qoyulacağı barədə fikir formalaşdırır.
Nemət Əvəzov bildirib: “Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”.
Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi bu qərarı 44 günlük müharibə zamanı Gəncə şəhərinə qarşı raket hücumunun məsuliyyətini Araik Arutunyanın öz üzərinə götürməsi ilə əsaslandırıb.
Nemət Əvəzov qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.
Ekspertlərə görə Azərbaycan Respublikası daxilində separatçı rejimin mövcudluğu qeyri-qanuni olduğundan onun başçısı və hərhansı işçisi və qurumları cinayət işinə cəlb oluna bilər və bunun üçün hansısa səbəb axtarmağa ehtiyac yoxdur.
Tənqidçilərə görə rəsmi Bakı Rusiya və qərb dövlətlərinin istəklərini nəzərə alaraq separatçılara qarşı hərhansı tədbir görməkdən çəkinir.