Mart 19, 2022 13:22 Asia/Baku
  • Azərbaycanda Ukrayna müharibəsi necə işıqlandırılır?

Rusiyanın Ukraynaya qarşı müharibəsi Azərbaycan mətbuatında və sosial şəbəkələrində birnömrəli mövzu olaraq qalsa da, dövlət kanalları bu mövzuya məhəl qomurlar.

SəhərAzəri-nin məlumatına əsasən, Turan Xəbər Agentliyinin təhlilində deyilir: Dövlət telekanalları və özəl telekanallar Qarabağ müharibəsini müzakirə etməyə davam edir. Halbuki Azərbaycan saytları Ukraynayönlü mövqe tuturlar. Onlar üçün Ukraynada bütün baş verənlər “əməliyyat” deyil, Rusiyanın tam mənası ilə işğal müharibəsidir. Ukrayna üçün isə vətən müharibəsidir.

Məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə də Azərbaycanlı fəalların əksəriyyəti Ukraynanın qələbəsinin tərəfdarıdır. Onlar arasında cəmiyyətdə məşhur olan insanlar da var. Deputat Rasim Musabəyov Ukraynanın ərazi bütövlüyünün müdafiəsinin tərəfdarıdır, Putinin öz təcavüzünü digər keçmiş SSRİ ölkələrinə qarşı təkrarlamaq niyyətindən ehtiyatlanır. “Ukraynaya qarşı haqsız müharibəni dayandırmaq və ölkəyə daxil olan qoşunları mümkün qədər tez evlərinə qaytarmaq lazımdır”, deyə R.Musabəyov yazır. O, hadisələri müzakirə edərkən belə yazır: “RF Ukraynaya hücum edib və bunu 8 ildir edir. Ukrayna özünü müdafiə edir. sabah, Gürcüstandan, Ukraynadan sonra Azərbaycanın və digərlərinin növbəsi gələcək”.

İqtisadçı Qubad İbadoğlu müntəzəm olaraq Facebook-da Ukraynaya qarşı müharibəyə münasibətini paylaşır.

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl isə hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Putinin təcavüzündən əvvəl tətbiq edilməli idi, amma onda bu sanksiyalar Qərb ictimaiyyəti tərəfindən dəstəklənmədi.

Turan xatırladır ki, hakim “Yeni Azərbaycan” partiyası indiyədək gedən müharibəyə münasibət bildirməyib. Onun rəsmi saytında “Ukraynada müharibə yoxdur”, amma elə həmin saytda Azərbaycanın ermənilər üzərində qələbəsi haqqında qürurlu bəyanatlar azalmaq bilmir.

Bu arada Azərbaycanda Putinin bəyan etdiyi mövqeləri canfəşanlıqla müdafiə edənlər də var. Bu insanların bir hissəsi Rusiyada yaşayır. Onlar Ukraynaya tərəfdar çıxanları Rusiyadakı iki milyon həmyerlisinin maraqlarına məhəl qoymamaqda ittiham edirlər. Xüsusilə də Rusiya azərbaycanlıları Ukraynanı dəstəklədiyinə görə Putinin onlardan intiqam alacağından və onları RF-dən qovacağından qorxurlar.

Teqlər