Azərbaycan prezidenti amerikalı həmkarına məktub ünvanlayıb
İlham Əliyev: "ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq"
Azərbaycan prezidenti Novruz bayramı münasibətilə amerikalı həmkarından aldığı məktuba cavab yazıb.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydenə göndərdiyi məktubda deyilir: “Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etmişdir. Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.”
İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.
Xatırladaq ki, rəsmi Bakının Qarabağ məsələsində sərgilədiyi mövqe ABŞ-I qane etmir və bu ölkə rəhbərliyi ATƏT Minsk Qrupunun nəzarəti altında “uzunmüddətli siyasi həll yolu”nun tapılması üçün Azərbaycana təzyiq göstərir. Başlıca məqsəd isə Qarabağa yeni statusun verilməsidir. Lakin Azərbaycan hökuməti heç bir səviyyədə separatçılara status vermək istəmədiyni vurğulayır.
ABŞ-ın Ukrayna müharibəsi ilə əlaqədar Azərbaycandan olan bir gözləntisi də ondan ibarətdir ki, bu dövlət Rusiyaya qarşı sanksiyalarda iştirak etsin və Avropaya neft və qaz tədarükünü artırsın. Amma bu məsələlərin də həlli asan deyil. Çünki Əliyev ilə Putinin arasında 22 fevralda imzalanmış məlum sazişə əsasən Azərbaycan dövləti ağır öhdəliklər götürübdür və onlara ziddd hansısa addımın atılması Əliyev hökumətinə başağrısı gətirər, ölkəsini Rusiya liderinin qəzəbinə düçar edər.