Azərbaycanlı ekspert Fərrux yüksəkliyinin azad edilməsini normal hal sayır
Son gərginliyin Ukrayna hadisələrinə aidiyyəti yoxdur
Azərbaycanlı ekspert Fərrux yüksəkliyinin azad edilməsinin Ukrayna hadisələri ilə heç bir əlaqə kəsb etmədiyini bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, politoloq Elxan Şahinoğlu bu barədə öz Facebook paylaşımında yazır: "Ermənistan rəsmiləri və erməni separatçıları son açıqlamalarında Qarabağdakı son gərginliyi Ukraynadakı müharibəylə əlaqələndirirlər. Yəni demək istəyirlər ki, Azərbaycan Rusiyanın Ukraynada müharibəyə başının qarışmasından istifadə edərək Qarabağdakı mövqelərini gücləndirir. Anlamırlar ki, Ukraynada müharibə olmasaydı belə biz qarşımızda dayanan hədəflərə çatmalıyıq: 1. Separatçılar tərksilah olunmalı; 2. Xocalı qəsəbəsi və Şuşanın kəndləri boşaldılmalı; 3. Laçın dəhlizi nəzarətimizə keçməli; 4. Qarabağın tamamı Azərbaycan qanunları ilə idarə olunmalıdır."
Politoloq qeyd edib ki, Ermənistan rəsmiləri və Qarabağ separatçıları son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirərkən Kremlin qorxusundan Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanat haqqında danışmaq istəmirlər. Həmin bəyanatın birinci bəndinə görə Qarabağda separatçı qalmamalı və rusiyalı hərbçilər Azərbaycana hədəflərinə çatmaqda mane olmamalıdırlar.