Mart 27, 2022 11:40 Asia/Baku
  •  “Rusiyanın açıqlaması müttəfiqlik haqqında Bəyannaməyə ziddir”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli açıqlaması ilə bağlı təəssüfünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.
"Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır",- deyə bəyanatda bildirilir.


Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir.


Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfindən Azərbaycan ərazilərinin adlarının təhrif edilməsinə də etiraz edib: "Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur",- deyə vurğulanır.

Bəyanatda Rusiya Federasiyası Müdafiə Nazirliyindən üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməsi xahiş olunur.

 

Rusiya Müdafiə Nazirliyi şənbə günü kəskin bəyanatla çıxış edərək Azərbaycan Silahlı Qüvvələrini Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabr tarixli üçtərəfli bəyanatını pozmaqda ittiham edib.

“Azərbaycan Respublikasının silahlı qüvvələri martın 24-dən 25-dək Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub.

 “Bayraktar TB-2” tipli pilotsuz uçuş aparatı ilə Dağlıq Qarabağın silahlı birləşmələrinin Furux kəndi yaxınlıgındaki bölmələrinə 4 zərbə endirilib”, - məlumatda deyilir.

"Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib", - bülletendə deyilir.

Teqlər