Mart 31, 2022 16:04 Asia/Baku
  • Azərbaycan və Ermənistan Sülhə hazırlaşır?

Azərbaycan Respublikası prezidenti münaqişənin artıq öz həllini tapdığını və Ermənistanla münasibətlərin nizama salınmasının vaxtının gəlib çatdığını vurğulayıb.

İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş zamanı Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş naziri ilə planlaşdırılan görüşü barədə deyib: “Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib”.

Prezident İlham Əliyev münaqişənin artıq öz həllini tapdığını vurğulayıb: “Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”, - Azərbaycan Respublikası prezidenti deyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT sədri, Polşanın xarici işlər naziri Rau Zbignievlə mətbuat konfransında deyib ki, Ermənistanla normallaşma prosesinə dair bir ay əvvəl yeni təklif irəli sürülüb, 5 baza prinsipi təqdim edilib: “Məsələyə ciddi yanaşma olduğu təqdirdə biz hazırıq, real addımların atılmasının zamanıdır. Biz ümid edirik ki, bunun nəticəsi yaxın zamanda görünəcək”, - Ceyhun Bayramov deyib.

Teqlər