Ağ Evin Qarabağ məsələsində mövqeyi dəyişməyib
ABŞ hərtərəfli həll yolları axtarır, lakin bu dəfə Rusiyasız - ŞƏRH +VİDEO
ABŞ hökuməti bildirib ki, Qarabağ münaqişəsinin hərtərəfli həlli üçün bundan sonra da çalışacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Qarabağla bağlı Qərb və Rusiyanın yarışı başlayıb: hər iki cəbhə öz masasında əldə olunan razılaşmanın icrasına çalışır. Rusiya xarici işlər nazirinin Minsk Qrupunun dağıldığını bildirməsindən sonra ABŞ yeni metodlarla Qarabağ erməniləri və Ermənistanın maraqlarını müdafiə edəcəyini bildirib.
Dövlət Departamentinin mətbuat xidmətindən deyilib ki, ABŞ Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırır.
Dövlət Departamentindən əlavə ediblər ki, Birləşmiş Ştatlar bu təşəbbüslərdə, xüsusən də Ermənistan və Azərbaycana münasibətlərin normallaşmasına kömək etməyə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır.
İddia olunur ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi bitib və Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edibdir. Bu arada rusiyalı nazirin Fransa ilə ABŞ-ın Minsk Qrupu çərçivəsində Moskva ilə işləməkdən boyun qaçırmalarını bildirməsi Bakıda böyük məmnunluqla qarşılandı və Azərbaycanın daha çox Brüssel formatına güvəndiyi qeyd olundu. Lakin hazırda məlum olur ki, Qərbin əsas məqsədi əsla Azərbaycanın maraqlarını təmin etmək deyil, sadəcə olaraq Rusiyanı küncə sıxışdırmaq istəyirlər.
ABŞ və Fransa üçün hərtərəfli sülh sazişi Qarabağa ayrıca statusun verilməsi deməkdir.