Kəlbəcər sərhədində gərginlik
Ermənistan yenə də atəşkəsi pozdu - TƏHLİL
Kəlbəcər rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri iriçaplı silahlardan atəşə tutulub.
SəhərAzəri-nin məlumatına əsasən, aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu ölkə bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikada itki yoxdur.
"Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan ordusu bölmələrinin tam nəzarəti altındadır!", -deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bundan əvvəl aprelin 6-sı axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Aprelin 3-də də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmuşdu.
Yerli şərhçilər son günlər belə hadisələrin təsadüfi olmadığını və Rusiyanın təhriki ilə həyata keçdiyi qənaətindədirlər.
Onlar deyirlər ki, belə hadisələr Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı Brüssel sazişində nəzərdə tutulmuş tədbirlərin qarşısının alınması və sülh prosesinin həyata keçirilməsinə yönəlmiş məqsədyönlü təxribatdır.
Brüsseldə əldə olunmuş razılığa əsasən, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd boyu və ona yaxın ərazidə sabit təhlükəsizlik vəziyyətinin yaradılması məsələlərini müzakirə etmək üçün Birgə Sərhəd Komissiyasının yaradılması aprelin sonuna təyin edilmişdi.
Təbii ki, sərhəddəki son insidentlər bunun reallaşacağını şübhə altına alır. Çünki Moskva status-kvonun saxlanmasında və münaqişənin üçtərəfli əsasda saxlanmasında maraqlıdır.
Əslində, sərhəddəki təxribatlar Ermənistanın münaqişə tərəfi olaraq qalması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün İrəvan tərəfindən tanınmaması anlamına gələ bilər.