Azərbaycana təzyiq; yoxsa düşünülmüş planın tərkib hissəsi?
Moskva Qarabağda “rus icması” planını aktivləşdirir
Rusiya Qarabağda “rus icması” kartını yenidən aktuallaşdırır.
SəhərAzəri-nin publika.az saytına istinadən verdiyi məlumatına əsasən, İlin əvvəlində “Vahid Rusiya” partiyasının üzvü, “rus icması” layihəsində aparıcı fiqur rolunu oynayan Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə bağlı Əliyevin Moskvaya etiraz məktubundan sonra proses arxa plana keçmiş kimi görünürdü, lakin qondarma “rus icması”nın “rəhbəri” Aleksandr Bordovun Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşü təhlükəli ssenarinin davam etdiyini göstərir. Qondarma “rus icması” layihəsində separatçıların və Moskvanın öz planları var. Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarını Moskvanın təminatı altına alınmasına çalışır: Arutyunyanın “Rusiya Mədəniyyət Evləri”nin açılması istiqamətində işlərin getdiyi haqda açıqlaması da buna hesablanıb.
Ola bilsin ki, Rusiya Qarabağda mövcudluğunu davam etdirməyin müxtəlif ssenarilərini düşünür, xüsusilə ermənilərlə yanaşı, “rusları qorumaq” əsasları da hazırlanır. Bu, mümkün sülh sazişindən sonrakı dövrə hazırlıqdır. Belə ki, Rusiya öz metoduna görə istənilən yerdə rus icmasımı müdafiə adı altında hər əməliyyat həyata keçirir.
Publika.az qeyd edir ki, Rusiya Brüssel razılaşmasının praktiki mərhələdə işləməsinə qarşı addımlar atmaqla özünün “hakim vasitəçiliyini” qorumağa çalışsa da, bölgənin gələcəyi üçün sülh sazişinin qaçılmaz olduğunu da anlayır, rus masasında imzalanan üçtərəfli razılaşmaların işləməsi baxımından da bu baş tutmalıdır. Onu da anlayır ki, Qarabağa “status”un verilməsi faktiki sıradan çıxıb, bundan sonra bölgədə “erməni icması” və “Azərbaycan icması” arasında münasibətlərin qurulması adı ilə daha uzun müddətə qalmaq perspektivi mümkün ola bilər.Və bura “rus icması”nın da əlavə edilməsi Moskvanın planını gücləndirəcək amildir. Rəsmi Bakı Moskvaya Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını izah etməlidir. Rusiya rəhbərliyinə Azərbaycan ərazisinə ikinci icmanın yaradılmasınə qəbul etmədikləri haqda müraciət ünvanlamalı, ikinci icmanın yaradılmasının əsas icma ilə münasibətlərdə problemə yol açdığını anlatmalıdırlar.
Maraqlıdır ki, Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyədək hələ də heç bir reaksiya verməyib.