May 21, 2022 11:05 Asia/Baku
  • Qriqoryan: Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları müdafiə olunmalıdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın statusu ilə bağlı rəsmi İrəvanın hansı mövqedə olduğuna aydınlıq gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib: "Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının müdafiəsi erməni tərəfi üçün prioritet məsələdir və Ermənistan bu gündəmlə danışıqlar aparır."

Hökumət rəsmisi sonra qeyd edib: "Təhlükəsizlik və hüquqların müdafiəsi prioritetdir, yəni Artsaxda yaşayan soydaşlarımızın təhlükəsizliyi və hüquqları müdafiə olunmalı. Artsaxın statusu da bundan irəli gəlir. Və biz bu gündəmlə danışıqlara gedirik”.

Xatırladaq ki, Ermənistan hökuməti Azərbaycanın sülh üçün irəli sürdüyü beş şərti o cümlədən də qonşu dövlətin ərazi bütövlüyünü tanımaqda problem görmədiyini elan etsə də, onun hazırda sərgilədiyi mövqe bununla ziddiyyət təşkil edir və onun Qarabağ şərti Azərbaycan rəsmilərini hövsələdən çıxarıb.

Ermənistanda müxalifət nümayəndələri və revanşistlər Paşinyan hökumətini Qarabağı Azərbaycana təhvil verməyə hazırlaşmaqda ittiham edirlər. Buna cavab olaraq baş nazir ölkə parlamentində Qarabağla bağlı mövqeyini dəyişməyə məcbur olaraq hər hansı bir sülh sazişində Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının qorunacağına söz verdi. Bu isə istər-istəməz görüşlərin səmərəliliyini şübhə altına alır. 

Eyni zamanda Qərb dövlətlərinin status məsələsində israrlı qalması və Rusiyanın sülh prosesini öz monopoliyasında saxlamağa cəhd etməsi də Ermənistan-Azərbaycan danışıqlarına neqativ təsir buraxır. Xüsusilə də rəsmi İrəvanın Rusiyadan icazəsiz Qarabağ məsələsində Bakı ilə hansısa sövdələşməyə getməsi inandırıcı deyildir. 

Teqlər