Putin Azərbaycanı təriflədi, ABŞ-a mesaj verdi
“Azərbaycan bir çox aktual məsələlərin həllində mühüm rol oynayır”
Rusiya prezidenti Azərbaycan Respublikasının bir çox aktual məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putinin 28 may münasibətilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir: "Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib".
Məktubda həmçinin qeyd olunur: “Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”.
Bununla da Rusiya dövlət başçısı 22 fevral bəyannaməsini xatırlatmaqda Amerika prezidenti Co Baydenin İlham Əliyevə ünvanladığı məktuba da cavab vermiş olub. Belə ki, Birləşmiş Ştatların Azərbaycanı öz yanında görməsinə və Rusiyadan üz döndərməsinə imkan verilməyəcəkdir.
Qeyd edək ki, sözü gedən bəyannamədə Azərbaycanın üzərinə bir-çox öhdəliklər qoyulub və rəsmi Bakı Rusiyanın maraqlarına zidd heç bir fəaliyyətdə iştirak etməməlidir. Hazırda Ukrayna böhranına münasibətdə Azərbaycanın Rusiyanı qıcıqlandıra biləcək addımlar atmaması bununla bağlıdır.