ABŞ-ın erməni təəssübkeşliyi davam edir
Dövlət Departamenti AŞPA-nın narahatlığına qoşulub
ABŞ Dövlət Departamenti yeni hesabatında AŞPA-nın Azərbaycanın nəzarətində olan ərazilərdə erməni irsinin gələcəyi ilə bağlı narahatlığını bölüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamenti yeni hesabatında Avropa Şurası Parlament Assambleyasının erməni irsinin gələcəyi ilə bağlı narahatlığını xatırladaraq Azərbaycan Respublikasına qarşı bir sıra ittihamlar irəli sürüb.
Departament iyunun 2-də Beynəlxalq Dini Etiqad Azadlığı üzrə 2021-ci il Hesabatının Azərbaycan bölməsində bildirir ki, Birləşmiş Ştatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağ münaqişəsinin humanitar nəticələri ilə bağlı qəbul etdiyi qətnaməni qəbul edir.
Qeyd edək ki, AŞPA kilsələr, monastırlar, o cümlədən Dadivank monastırı, xaç daşları və Azərbaycanın nəzarətinə keçmiş mədəni irsin digər formalarının gələcəyi ilə bağlı narahatlığını ifadə etmişdir.
Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycan hökuməti dəfələrlə erməni zəvvarların Dadivank monastırına girişinə icazə verməyib.
Dövlət Departamentinin hesabatında həmçinin deyilir: “İl ərzində erməni mədəni və dini obyektlərinin dağıdılması, eləcə də hökumətin dini obyektlərin erməni irsi ilə əlaqəsini kəsmək və təhrif etmək üçün məqsədyönlü hərəkətlərə əl atıb”.
Xatırladaq ki, ABŞ işğal dövründə Azərbaycana aid dini-mədəni abidələrin erməni vandalizminə məruz qalması, məscidlərin tövləyə çevrilməsi və ya dağıdılmasına heç vaxt etiraz etməmişdi.