Qobustanda aclıq aksiyası
Şəhadət aclığı aksiyasına qoşulanların sayı artır - YENİLƏNDİ
Azərbaycanda "şəhadət aclığı aksiyası"na qoşulan əqidə və siyasi məhbusların sayı artmaqdadır.
SəhərAzəri-nin məlumatına əsasən, Qobustan qapalı həbsxanasında polisin Allah təalanı təhqir etməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamış Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin təşəbbüsünə bir qrup digər məhbus qoşulub:
Abbas Hüseyn
Polad Aslanov
Cabbar Cabbarov
Fərəddin Zeynalov
Əli Əliyev
Seyfəddin Şirvanov
Cahad Babakişiyev
Vəli Allahverdiyev
Mir Yusif Cavadov
Fariz Məmmədov
Ruzbekar Allahverdi
Muxtar Həsənov
Xatırladaq ki, Hacı Tale Bağırzadə aclıq aksiyasını “şəhidlik aksiyası” adlandırıb və “Müsəlman Birliyi Hərəkatının” iki üzvünə işgəncə verilərək, onlardan ifadə almaq, həm də onlara ruhi və psixoloji iztirablar vermək üçün Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb edir.
Ən son məlumata əsasən, Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadəni bu gün vəkili Bəhruz Bayramov ziyarət edib. Siyasi məhbusla saxlanıldığı Qobustan həbsxanasında görüşən vəkili mediaya bildirib ki, o, tələblərində çox qətiyyətlidir və tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəyini bildirib: "Tale Bağırzadə dedi ki, sonadək aksiyanı davam etdirəcəm. Əqidədaşlarıma işgəncə verən, Allahı və İslam müqəddəslərini təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşları cəzalandırılmasa, aksiyanı dayandırmayacağam. Mən azadlığımı tələb etmirəm. Mən Allahın söyülməsinə etiraz edirəm".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.