Bakıda aksiyanın qarşısı alınıb
Allahı təhqir edənlərin cəzalandırılması tələb olunub +VİDEO
İyunun 22-də bir qrup inanclı qadın Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar mayın 20-də saxlanılan bir qrup dindarın hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb ediblər.
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə, polis əməkdaşları birlikdə dövlət başçısının administrasiyasına getmək üçün metronun "İçəri şəhər" stansiyasının qarşısında toplaşan qadınların yolunu kəsib.
Polis zabiti qadınlara Prezident Administrasiyasının Nərimanov rayonunda yerləşən qəbul şöbəsinə nümayəndə göndərməyi tövsiyə edib. Bu zaman o, "Allahın təhqir edilməsi haqqında məlumatın saxta olduğunu" bildirib.
Bu, etirazçıları qane etməyib, onlar polisin Allahı təhqir etməməsi haqqında iddiasına qəzəbləniblər. Onlar həbsdəki əzizlərinin aclıq aksiyasına son qoymasının şərti olan, Allahı təhqir edənlərin cəzalandırılmasını tələb ediblər.
Polis aksiya iştirakçılarını sıxışdıraraq metronun "İçəri şəhər" stansiyasının içərisinə salıb. Oradan qadınlar Prezident Administrasiyasının Nərimanov rayonundakı qəbul şöbəsinə yollanıblar.
Xatırladaq ki, Taleh Bağırzadə iyunun 3-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq aclığa başlayıb. Həbsxanalarda onlarla məhbus və azadlıqda olan bir neçə şəxs aclıq aksiyasını dəstəkləyib.