İyun 23, 2022 12:17 Asia/Baku
  • Mina partlayışları 39 nəfərin həyatına son qoyub

Azərbaycan Respublikasında 44 günlük müharibədən sonra mina partlayışı nəticəsində zərərçəkənlərin sayı açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan indiyədək mina partlayışları nəticəsində 225 nəfər zərər çəkib. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov məlumat verib.

Dövlət agentliyinin rəhbəri vurğulayıb ki, ümumiyyətlə, minalardan çirklənmə həcminə görə Azərbaycan dünyada ilk yerlərdədir. Düşmən əsasən ikiqat minalardan, tələ məftillərdən istifadə etməklə minalar qoyub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov isə deyib ki, Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir və keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur.

Azərbaycan Respublikasının azad olunmuş ərazilərdə bərpa işləri aparmasını və əhalinin öz doğma yurduna qayıtması prosesinə başlamsını ciddi kölgəyə salan minalanmış ərazilərin dəqiq xəritəsinin Ermənistan tərəfindən təhvil verilməməsi, Bakıda ciddi narahatlıq doğurur.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.

Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını almaq mümkün olacaqdır.

Teqlər