Avq 26, 2022 19:01 Asia/Baku
  • “Duma TV”-də sülhməramliların ağır silaha təchiz edilməsinə çağırılıb

Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”-də Azərbaycana qarşı təxribat törədilib.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun açıqlaması yayılıb.

Səs yazısında hərbi tarixçi və politoloq kimi təqdim olunan N. Buranov Azərbaycanın  Qarabağı hərbi güclə zəbt etdiyini və bundan təəssüfləndiyini bildirib: “Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib. Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər. Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazılaşmır, “DQR” üzərində tam nəzarəti ələ keçirməyə çalışır”.

Politoloq Qarabağdakı vəziyyəti ermənilərin Birinci Dünya müharibəsindəki düşdükləri vəziyyətə bənzədir, Azərbaycanın Ermənistanın mövcudluğu ilə barışmaq istəmədiyini, Naxçıvana dəhliz istədiyini, Qazaxıstanla razılaşdığını bildirir.

Rusiyalı tarixçi bütün bunların “Böyük Turan” ideyasının tərkib hissəsi olduğunu deyib. Buranov baş verənlərin ilk növbədə Rusiyanın təhlükəsizliyi çox ciddi çağırış olduğunu söyləyib.

Sözü gedən Politoloq Ukrayna probleminin olmasına baxmayaraq ölkəsinin xüsusi xidmət strukturlarını Rusiyanın türk regionlarına xüsusi diqqət yetirməyə çağırıb.

Teqlər