Avq 28, 2022 10:39 Asia/Baku
  • Azərbaycanda 49,3 min hektar ərazi minalardan təmizlənib

Şuşada keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini ərazilərin minalardan təmizlənməsi barədə açıqlama verib.

SəhərAzəri-nin məlumatına əsasən,  Samir Poladov deyib ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır.

Diqqətə çatdırılıb ki, minatəmizləmə əməliyyatlarının uğurla davam etməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi və münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

"İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Həmçinin minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının azad olunmuş ərazilərdə bərpa işləri aparmasını və əhalinin öz doğma yurduna qayıtması prosesinə başlamsını ciddi kölgəyə salan minalanmış ərazilərin dəqiq xəritəsinin Ermənistan tərəfindən təhvil verilməməsi, Bakıda ciddi narahatlıq doğurur.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.

Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını almaq mümkün olacaqdır.

Teqlər