ABŞ və Fransa prezidentlərindən Qarabağ bəyanatı
Bayden və Makron Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldılar
ABŞ və Fransa prezidentləri Ermənistanın müstəqillik günü münasibətilə müraciətlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alıblar.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” qeydi diqqət çəkib.
“Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik” – deyə Bayden vurğulayıb.
Azərbaycan mətbuatının yazdığına görə, münaqişənin bitmədiyini deyən ABŞ prezidentinin sözlərinin izahı belədir ki, Vaşinqton “həll yolunu” tapmaq məqsədilə həm Ermənistan, həm Azərbaycan, həm də “Dağlıq Qarabağ xalqı” ilə işləyəcək.
Qeyd olunur ki, Vaşinqtonun bütün cəhdləri Cənubi Qafqaza qayıtmağa, təsir imkanlarını gücləndirməyə hesablanıb.
ABŞ-ın bu mövqeyini Fransa da ATƏT Minsk Qrupunun digər həmsədri olaraq Fransa da bölüşür.
Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçatryana müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda yazıb ki, Qarabağ məsələsində İrəvan ona arxalana bilər: “Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”, - deyə Fransanın dövlət başçısı bildirib.