Sen 28, 2022 11:40 Asia/Baku
  • Xəzər dayazlaşır; suyun səviyyəsi 1.5 metr enib

2005-ci ildən bəri Xəzərin səviyyəsində 1.5 metr enmə müşahidə olunur. Bu Bakının dəniz mənzərəsinə də öz təsirini göstərməkdədir.  

SəhərAzəri-nin məlumatına əsasən,Xəzər dənizinin səviyyəsinin kəskin enməsi ciddi narahatlıq doğurur. Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı məlum olub ki, prosesə artıq Xəzər dənizinin bulvar hissəsində də rast gəlinir.

Bakının "Yeni Bulvar" adlanan hissəsində dənizin səviyyəsində kəskin enmə müşahidə edilir. Bu problem bulvarın görüntüsünə də təsirsiz ötüşməyib. Belə ki, dənizin sahildən uzaqlaşması bulvarın bəzi hissələrində daha qabarıq görünür. Bu isə Dənizkənarı Parkın görüntüsünə xələl gətirir.

Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında dənizin suyunun azalmasının Xəzərə tökülən çay sularının azalması ilə əlaqəli olduğunu söyləyir. O, bildirir ki, Xəzər dənizinə su gətirən əsas çay Volqa çayıdır və bura suyun 80 faizi Volqa çayı ilə axır:

“Rusiya Volqa çayının təbii axınına toxunmamalıdır. Rusiyada onsuz da suvarmadan az istifadə edilir. Ona görə də Rusiyanın burada görəcəyi başqa bir iş yoxdur”,- Departament müdiri deyib.

Ekspertə görə artıq Xəzərdə suyun səviyyəsinin azalmasına uyğunlaşmaq üçün lazımı tədbirlərə hazırlıq getməlidir. Eyni zamanda xəzərin səviyyəsinin enməsinin qarşısını almaq üçün də müvafiq addımlar atılmalıdır:

"Biz səviyyə azalmalarına uyğunlaşmalıyıq. Xəzərin səviyyəsində enmə olan ərazilərdə yaşıllıqlar salınmalıdır. Bununla yanaşı, Xəzərə tökülən Kür çayının suyundan istifadə azaldılmalıdır. Bunlar tədricən Xəzərin səviyyəsinin enməsinin qarşısını ala bilər".

Ekspertə görə, Xəzərin şimal hissəsi çox dayaz olduğundan geri çəkilmələr daha çox Rusiya və Qazaxıstanda müşahidə olunur. İranda, Türkmənistanın cənub hissəsində və müəyyən qədər Azərbaycan Respublikasında Xəzərin dibi daha dərindir və dayazlaşma hələlik çox hiss olunmur.

Teqlər