Okt 05, 2022 14:40 Asia/Baku

Azərbaycan Respublikası prezidenti bu gün Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Qarabağ ermənilərinin taleyinə aydınlıq gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev belə deyib: “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.”

Qarabağın Azərbaycan torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.

İlham Əliyev bu gün Rusiya hərbçilərinin nəzarətində olaraq separatçı rejim tərəfindən idarə edilən Qarabağ ermənilərinin nə vaxt və necə rəsmi Bakının nəzarətinə qaytarılacağına aydınlıq gətirməyib.

Azərbaycan Respublikası prezidenti öz çıxışında bir daha beynəlxalq ictimaiyyəti və Minsk qrupunun həmsədrlərini kəskin tənqid edib:

“Beynəlxalq ictimaiyyət Azərbaycan əhalisinin başına gələn humanitar fəlakətə göz yumurdu”- deyən İlham Əliyev sözlərini belə davam etdirib: "ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, burada bütün şəhər və kəndlərin vəhşicəsinə viran edilməsinin, ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. 27 illik qondarma fəaliyyəti ərzində Ermənistanı qınayan bircə söz belə deyilməmişdi. İndi isə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini görəndə, əlbəttə ki, biz bunu dəstəkləyə bilmərik.”

İlham Əliyev Minsk qrupunun həmsədrlərinin öz mandatlarını yerinə yetirmək üçün heç nə etmədiklərini vurğulayıb: “Etdikləri yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə leqallaşdırmaq, təcavüzkarla təcavüzün qurbanı arasında balans yaratmaqdır cəhdləri olub”,- deyə Azərbaycan Respublikası prezidenti bildirib.

Teqlər