Makron istəyinə çata bilməyəcək
Azərbaycan Qərbdən uzaqlaşır - TƏHLİL
Fransa prezidenti Rusiyanı Ermənistan və Azərbaycan arasında bu yaxınlarda baş vermiş sərhəd toqquşmalarını məqsədli şəkildə qızışdırmaqda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, “France 2” televiziyasına müsahibəsində Makron iddia edib ki, Moskva Bakı və İrəvan arasında gərginliyi Azərbaycanın xeyrinə qızışdırır:
“Son iki ildə sərhəddə nə baş verir? Xəbərlərdən məlum olur ki, 5 min Rusiya hərbçisi orada sərhədin təhlükəsizliyini təmin etmək üçün yerləşdirilib. Amma ruslar çoxəsrlik münaqişədən Türkiyənin iştirakı ilə Azərbaycanın xeyrinə oynamaqla sıx əlaqələri olan Ermənistanı zəiflətməyə çalışır”, - deyə Fransanın dövlət başçısı vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın isə bəyanatında deyilir ki, Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və bu, yalnız Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.
Öz növbəsində Astanada MDB dövlət başçılarının sammitindəki çıxışında prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu vastiəçi rolunu itirmiş olsa da, Azərbaycan Praqada Fransa prezidenti Makronun iştirakı ilə dördtərəfli görüşə razılıq verib. Amma təxminən bir həftə sonra Fransa prezidenti Azərbaycanın ünvanına təhqiredici, qəbuledilməz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib.
Maraqlıdır ki, Makron ötən həftə Praqada Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri ilə dördtərəfli danışıqlarda iştirak etmişdi. Bu danışıqların nəticəsi olaraq Avropa İttifaqının Ermənistana müşahidə missiyası gəndərilməsinə dair qərar qəbul olunub. Hazırda isə Fransa prezidentinin ermənipərəst mövqe sərgiləməsi ilə Azərbaycanın sülh prosesində Qərbdən məsafə saxlayacağı şübhə doğurmur. Nəticə etibarı ilə İlham Əliyevə daha çox Rusiyaya etibar etməkdən başqa yol qalmır və onun hökuməti bundan sonra Putinin vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanat əsasında Kremlin təlimatına uyğun davranmağa məcburdur. Ola bilsin ki, Azərbaycan bu yolla böyük dividentlər qazanacaq və Ermənistanın maraqları yetərincə təmin olunmayacaq.