Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı
Ermənistan mina basdırmağa davam edir
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanat yayaraq Ermənistanı hələ də mina basdırmaqda günahlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: “Postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamalarına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır”.
Xatırladılıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirir. O, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.
XİN-dən bildirilib ki, ümumilikdə son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan üç nəfər jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.