Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbul olunub
Fransa Senatı noyabrın 15-də Fransa hökumətini “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakı üzərinə sanksiyalar qoymağa çağıran qətnaməni 295 səs leyhinə, 1 səs əleyhinə nisbəti ilə qəbul edib.
Qətnamədə habelə “Azərbaycanın sentyabrda Ermənistan ərazisinə hücumu pislənir, Bakıya qoşunlarını Ermənistan ərazisindən çıxarması üçün” çağırış edilir.
Qətnamədə habelə Laçın dəhlizinin statusunun dəyişməyəcəyinə qarantiya tələb olunur:
“Biz hökuməti Avropa müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına, Azərbaycan liderlərinin mülkiyyətinin müsadirəsi və Azərbaycanın neft və qazının idxalına mümkün qadağanın qoyulmasına baxılması da daxil, güclü və adekvat reaksiya verilməsinə çağırırıq”,-qətnamədə deyilir.
Fransa Senatının qətnaməsi habelə Qarabağda humanitar ofisin açılması məsələsinə baxılmasına, Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına çağırır.
Azərbaycan Respublikası XİN-i Fransa Senatının anti-Azərbaycan qətnaməsini təxribat adlandırıb.
XİN hesab edir ki, qətnamə tamamilə həqiqətdən uzaqdır və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir: "Hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə sülh prosesinə öz töhfəsini vermək niyyətini açıqlamış ölkə kimi Fransanın növbəti dəfə qərəzli, birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə İlham Əliyev hakimiyyətinin də məsuliyyət daşıdığını bildirir və bu qətnaməni kiçiltməməyə çağırır
“Erməni təəssübkeşliyi məgər Fransada bugünlərdə yaranıb? Əliyevlər Fransanı Minsk qrupuna dəvət edəndə böyük erməni diasporasının bu ölkənin siyasətinə təsirini bilmirdilər? Bəs İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva Fransa ordeni ilə təltif olunanda, Azərbaycanın milyonları Fransa muzeylərinin təmirinə xərclənəndə bu ölkə ermənipərəst deyildi?”, Əli Kərimli deyib.
AXCP sədri İlham Əliyev hökumətini korrupsiya və repressiya çempionu adlandırıb və bununla da dünyada dost, tərəfdar qazanmağın mümkün olmadığını bildirib.
Azərbaycan Respublikası parlamentinin komitə sədri Ziyafət Əsgərov da Fransanın sülh danışıqlarında iştirakından imtina olunnmasına çağırıb.
“Fransanın hər hansı formada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində, sülh danışıqlarında iştirakından imtina olunmalıdır”,- komitə sədri deyib.
Milli Məclisin bu gün keçiriilən iclasında da deputatlar Fransa Senatında Azərbaycana qarşı qəbul edilən qətnaməyə reaksiya veriblər.
Deputat Ramin Məmmədov Senatın qətnaməsinə qarşılıq olaraq Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsini təklif edib.
Deputat Vahid Əhmədov isə təklif edib ki, işçi qrup yaradılsın və Milli Məclis adından Fransaya siyasi cavab verilsin.