Beynəlxalq hüquq müdafiə təşkilatı yeni hesabatını yaydı
Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşmayıb
Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” bildirir ki, ötən ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşmayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə “Human Rights Watch” insan hüquqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında bildirir.
“Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 belə şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır. Hakimiyyət hökuməti tənqid edən siyasi fəalları həbs etmək üçün saxta narkotik ittihamlarından istifadə etməyə davam edir. Bir çox hallarda onlar polis nəzarətində pis rəftara məruz qaldıqlarını bildirmişlər”, - deyə hesabatda qeyd edilib.
Hesabatda deyilir ki, məhdudlaşdırıcı qanunlarla qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyətinə maneələr davam edir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.
Bundan əlavə, hüquq müdafiə təşkilatı öz hesabatında ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında baş vermiş insidentdən də yazıb.
Təşkilat qeyd edir ki, həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni əsgəri Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunub.
“Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb”, - deyə hesabatda bildirilir.