Mart 25, 2023 17:19 Asia/Baku
  • Rusiya separatçılara yol çəkir?

Qarabağda separatçılar hərbi daşımalar həyata keçirmək məqsədilə Şuşa rayonunun Azərbaycan kəndlərindən qanunsuz olaraq avtomobil yolu çəkməyə başlayıblar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir, deyə hərbi idarənin press-relizində bildirilir.

"Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib", deyə məlumatda qeyd edilir.

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın (Azərbaycan, Ermənistan və RF liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı) müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır, deyə Azərbaycan Müdafiə Nazirliyinin press-relizində vurğulanır.

Bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, deyə hərbi idarə məlumatın sonunda qeyd edir.

Qeyd edək ki, son həftələr ərzində Azərbaycan Müdafiə Nazirliyi həmin istiqamətdən Rusiya sülhməramlilarının müşayiəti ilə Qarabağa silah daşındığını göstərən videolar yayır. Bunun son nümunəsi dünənə təsadüf edir.

Azərbaycan Müdafiə Nazirliyi dünən bildirib ki, martın 24-də Xankəndi-Xəlfəli-Turşsu yolu ilə növbəti dəfə qanunsuz hərbi daşımalar həyata keçirən nəqliyyat karvanı qeydə alınıb.

Qarabağda qanunsuz erməni birləşmələr üçün canlı qüvvənin, hərbi sursatın, minaların, digər maddi-texniki təminat vasitələrinin sərbəst daşınması üçün şəraitin yaradılması sülhməramlı kontingentin razılaşmaları kobud şəkildə pozmasıdır, Azərbaycanın hərbi idarəsi qeyd edir.

Bütün bunlara baxmayaraq rəsmi Bakı Rusiya tərəfinə birbaşa reakisya verməyib və bəyanatlar verməklə kifayətlənir. 

 

 

Teqlər