Azərbaycan XİN: Fransa revanşist qüvvələrə dəstək verir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Fransanın Ermənistana dəstək bəyanatından narazı qalıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan XİN bir bəyanat yayaraq bildirib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən Azərbaycan mövqelərinə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir.
“25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib”,- XİN bəyanatında deyilir.
Azərbaycan Respublikası xarici işlər nazirlyi Praqa görüşünun də formal xarakter daşımasına etirafı özündə əks etdirən bəyanatının davamında belə deyilir: “Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir.”
Azərbaycan Respublikası XİN-in bəyanatında Fransaya çağırış da edilib: “Fransa tərəfini, Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq”,- XİN bildirib.
Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi 12 aprel tarixli bəyanatında aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasını Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırmışdır.
“Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan qüvvələrinin təmas xəttinin erməni tərəfində işğal olunmuş mövqelərdən çıxarılması gələcək insidentlərin qarşısının alınması və regionda sabit sülhün əsaslarının qorunması üçün vacibdir.”- Fransanın bəyanatında deyilir.
Fransa həmçinin Avropa İttifaqı müşahidəçi missiyasının fəaliyyətinin əhəmiyyətini də vurğulayıb: “Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş və gərginliyin azaldılmasında mərkəzi rol oynayan Avropa İttifaqı müşahidəçi missiyasının fəaliyyətini tam dəstəkləyir və yardım göstərir. Fransa atəşkəsə riayət olunması, Ermənistanla Azərbaycan arasında dialoq və danışıqların davam etdirilməsi naminə Avropa İttifaqı ilə birgə fəaliyyətini davam etdirəcək", - bəyanatda deyilir.