İyul 25, 2023 15:29 Asia/Baku
  • Azad edilmiş ərazilərdə müharibədən sonra 43 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Bu məlumata görə, iyulun 17-dən iyulun 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 28, tank əleyhinə 15 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 227.23 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azərbaycan rəsmilərinin dediyinə görə, Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır.

1991-ci ildən indiyədək mina və partlamamış hərbi sursatların partlaması nəticəsində ümumilikdə 3381 nəfər azərbaycanlı xəsarət alıb.

Həmçinin 2020-ci il noyabr - 2023-cü il 16 may tarixləri arasında 141 mülki şəxsin minaya düşdüyü, bunlardan 44 nəfərinin həlak olduğu, 97 nəfərin isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları qeyd olunub.

Dövlət rəsmiləri deyirlər ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır.

 

Teqlər