Rusiya və Azərbaycan arasında pul köçürmələri çətinləşib
Artıq son illərdə bir sıra məhdudiyyətlərə məruz qalan Azərbaycan və Rusiya arasında pul köçürmələri iki ölkə vətəndaşları və biznes nümayəndələri üçün çətin proses olmaqda davam edir.
Rusiya Mərkəzi Bankı fevralın 21-də bu sistemin operatoru olan KİVİ Bankın (QIWI-bank) lisenziyasını ləğv etdikdən sonra "Contact" ödəniş sistemi fəaliyyətini, o cümlədən Azərbaycan banklarında dayandırıb.
Rusiya Federasiyası Mərkəzi Bankının açıqlamasına görə, lisenziyanın ləğv edilməsinə səbəb bu bankın "fiziki şəxslər və kölgə biznesi arasında hesablaşmaların təmin edilməsinə yönəlmiş yüksək riskli əməliyyatlar", o cümlədən pul vəsaitlərinin kript mübadiləçilərinin, qanunsuz onlayn kazinoların, bukmeyker kontorlarının xeyrinə köçürülməsi ilə məşğul olunması olub.
Qərb Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalar tətbiq etdikdən və ölkəni məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün SWIFT banklararası sistemindən kənarlaşdırdıqdan sonra Rusiya Federasiyası ilə Azərbaycan arasında köçürmələrin həyata keçirilməsindən ötrü yalnız "Contact", "Zolotaya Korona" kimi sistemlər, daha sonra isə yeni "Granat" sistemi mövcuddur.
Hazırda "Contact" bu siyahıdan silindiyi üçün alternativlər getdikcə azalır. Bundan əlavə, bəzi banklarda və Azərpoçt poçt şəbəkəsinin filiallarında pul köçürmələrini yalnız "Zolotaya Korona" sistemi vasitəsilə həyata keçirmək mümkündür. Eyni zamanda, bir sıra banklar və bəzi poçt şöbələri yalnız "Granat" sistemi ilə işləyir, dollar və manatla yanaşı, müştərilərə rublla köçürmələr etməyi təklif edirlər.