Nəhayət Bakıya su gəldi?
Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin doldurulması başa çatdırılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib. Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işlərinin avqustun 16-da baça çatdığı, kəmərin su ilə doldurulmağa başlandığı, mərhələ-mərhələ suyun verilməsinə başlandığı, avqustun 18-dən etibarən artıq bütün ərazilərə suyun verilməsinin təmin edildiyi bildirilmişdi. Paytaxtın böyük bir hissəsində 10 gündür su böhranının yaşanması müvafiq qrumların fəaliyyətləri barədə ciddi narazılıqlara səbəb olub. Mütəxəssislər belə bir durumu qəbuledilməz hesab edirlər.