Sen 19, 2024 13:30 Asia/Baku
  • AP Q.İbadoğlunun buraxılmasına çağırıb

Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu Azərbaycanda iqtisadçı alim Qubad İbadoğluna və digər siyasi məhbuslara qarşı cinayət işinə xitam verməyə çağırıb.

"Biz şəffaflığın və korrupsiyaya qarşı mübarizənin qatı müdafiəçisi olan və Azərbaycan hakimiyyətinə qarşı tənqidi səsini susdurmaq cəhdində haqsız yerə ittiham olunan İbadoğlunun vəziyyətindən dərin narahatlığımızı bildiririk", deyə bəyanatda qeyd edilir.

Avropa Parlamentinin deputatları "Qubad İbadoğluna qarşı irəli sürülən bütün ittihamların dərhal və qeyd-şərtsiz aradan götürülməsini, təcili olaraq ehtiyac duyduğu tibbi yardımı ala bilməsi üçün onun tam azadlığa buraxılmasını" tələb ediblər.

Sənəd müəllifləri COP 29 ərəfəsində Aİ-ni və dövlət və hökumət başçılarını insan hüquqları məsələlərini birinci yerdə qoymağa çağırıblar.

Bəyanatda həmçinin Aİ ilə Bakı arasında bağlanmış qaz tərəfdaşlığının dərhal dayandırılmasına çağırış edilib.

Eyni zamanda, Avropa Parlamentinə oktyabrın 1-də keçiriləcək plenar iclasda Azərbaycanda dissidentlərə qarşı repressiyaları qəti şəkildə pisləmək məqsədi daşıyan Avropa Parlamentinin qətnaməsinin qəbul etməyə çağırış yer alır.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilkin olaraq saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma ittihamı ilə həbs edilmişdi ancaq sonradan ona qarşı dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə yeni ittiham da irəli sürülüb.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq Azərbaycan Respublikasında 300-dən çox siyasi məhbusun siyahısını yayıb. Onların böyük əksəriyyətini dindarlar təşkil edir. Rəsmi Bakı bu ölkədə siyasi məhbusun olduğunu kökündən inkar edir.