Sen 24, 2024 19:37 Asia/Baku
  • Talışların təhqir olunmasına qarşı müraciət

Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin həmsədri, hüquqşünas Ataxan Əbilov, talışların təhqir olunması ilə bağlı ölkə prezidentinə müraciət edib.

Ataxan Əbilov Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror və dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə təşkilatın adından müraciət edib.

Əbilov sosial şəbəkələrdə talış xalqını təhqir edən şəxsi müdafiə edən Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Cavid Əhmədovun qeyri-qanuni əməllərindən şikayətçi olduğunu deyir.

 “Bir müddət əvvəl sosial şəbəkələrdə Bakı sakini Nəzirxan Ağaxanov adlı şəxs ard-arda yaydığı çoxsaylı videolarda talış xalqını və qadınlarını küçə söyüşləri ilə təhqir edib. Həmin video materialları təqdim edə bilərik”,- Əbilov deyib.

Hüquqşünas bildirib ki, Nəzirxan Ağaxanovun qanunsuz əməlləri və təhqir videoları sosial şəbəkələrdə yayılan gündən dəfələrlə ayrı-ayrı talış əsilli ölkə vətəndaşları hüquq-mühafizə orqanlarına, xüsusən də Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə yazılı müraciətlər etsələr də, tədbir görülməyib:

“Ağaxanov Nəzirxanın törətdiyi nalayiq əməllərə münasibətdə hərəkətsiz davranan hüquq mühafizə orqanları ona etiraz edən vətəndaşları dərhal həbs edir. Onların sayı biri yetkinlik yaşına çatmayan, ikisi isə İkinci Qarabağ müharibəsinin veteranı olmaqla 9 nəfərə çatıb. İş üzrə qanunsuz həbslər davam edilməklə yanaşı, xeyli şəxs istintaqa qeyri-qanuni çağırılaraq şantaj edilib, bəzi şəxslərdən isə külli miqdarda rüşvət alınması ilə bağlı söz-söhbət gəzir. Belə bir şəraitdə Nəzirxan Ağaxanovun hərəkətlərinə görə məsuliyyətə cəlb olunmaması çoxlu suallar doğurur”.

Meydan.tv Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlıya istinadla bildirir ki, “TikTok”da talışları təhqir edən Nəzirxan Ağaxanov bir qrup talış tərəfindən döyülərək üzr istədilib. Polis isə həmin şəxsləri həbs edib. İbrahim Əmiraslanlı, Nəzirxan Ağaxanovun saxlanılması barədə heçnə deməyib.