Cəmil Həsənli:
Hakimiyyət SSRİ kimi qapalı cəmiyyət istəyir
Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, əgər doğrudan da, quru sərhədlər xarici risklərlə bağlıdırsa, səbəblərini niyə göstərmirlər.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev dünən bir daha bildirib ki, ölkənin quru sərhədlərinin bağlı qalması təhlükəsizlik riskləri ilə əlaqədardır.
Milli Şuranın sədri Cəmil Həsənli bu açıqlamaya münasibət bildirərək bu iddianın yalan olduğunu deyib:
“Niyə Baş nazir qərarında quru sərhədlərin bağlı qalmasını pandemiya ilə əlaqələndirir. Əgər xarici risklər varsa, bunları xalqa izah etmək lazımdır. Ümumiyyətlə, xarici risklər yalnız Azərbaycana aiddir, niyə Gürcüstanın, Türkiyənin, Ermənistanın, İranın, hətta müharibə aparan Rusiya və Ukraynanın sərhədləri bağlı deyil?!”, - Cəmil Həsənli deyib.
O, İlham Əliyevin xarici risklərlə bağlı söylədiklərini bəhanə adlandırıb:
“Nə pandemiya, nə də xarici risklər var. Hakimiyyət ötən əsrin 30-50-ci illərindəki SSRİ kimi qapalı cəmiyyət və dövlət yaratmaq istəyir. Bu isə Azərbaycan Konstitusiyasına ziddir, çünki Ana Yasada əhalinin hərəkət azadlığı var. İkincisi, xarici risk varsa, bu, hava yolu ilə təsir edə bilməzmi? Yalnız quru yolla təsir edə bilər? Əslində, bu, avtoritarizm və totalitarizm istəklərindən irəli gələn addımdır. Çünki qapalı, dünya ilə əlaqəsi kəsilən ölkəni idarə etmək daha asandır”,- Cəmil Həsənli deyib.
“Maraqlıdır ki, İlham Əliyev aprelin 23-də bunu xarici təhlükələrlə bağladı, amma iyunun 24-də Baş nazir sərəncamında pandemiyanı səbəb göstərdi. Sual yaranır: Əliyev, yoxsa Əsədov düz danışır? Ümumiyyətlə, xalqa niyə yalan məlumat verirlər?”, - Milli Şuranın sədri deyib.