Okt 28, 2024 17:27 Asia/Baku
  • 20 gün əvvəl azadlığa buraxılan dindar yenidən saxlanılıb

Müsəlman Birliyi Hərəkatının üzvü, 7 il həbsdə saxlandıqdan sonra 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadə yenidən saxlanılıb.

  "Meydan TV"  Müsəlman Birliyi Hərəkatından eləcə də məhbusun ailəsindən aldığı məlumata istinad edərək bildirir ki, dini inanclı fəal oktyabrın 26-da qızının gözü qarşısında saxlanılaraq aparılıb. Onun hansı səbəbdən saxlanması, hara aparılması haqda yaxınlarına heç bir məlumat verilməyib.

   “Dörd nəfər mülki geyimli hücum edib, onu zorla götürüb aparıb. Qızı da bütün bunları görüb. Onsuz da bu uşaqlar 7 il atasızlıq çəkmişdilər. Əhsəni şərləyib, 7 il heç nədən həbsdə saxlayıb, uşaqlarını onun üzünə həsrət qoydular. Bu müddətdə o uşaqlar analarını da itirdilər. Gənc anaları xərçəng xəstəliyinə tutuldu, qısa müddətdə həyatını itirdi. Qaldılar xəstə nənələrinin ümidinə. Yenidən o uşaqlara belə bir əzabı yaşatmağı azacıq vicdanı, əxlaqı olan heç bir insan özünə sığışdırmamalıdır”, - Əhsən Nuruzadənin yaxınları bildirib.

  Əhsən Nuruzadənin yaxınları əlavə edib ki, anası Zeynəb Hüseynova oğlunun yerini və saxlanma səbəbini öyrənmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Eyni zamanda, Ombudsman Aparatına da müraciət olunub. Lakin bu müraciətlər hələ ki, nəticə verməyib.

  İnanclı fəal Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da narkotik ittihamı ilə həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. 2024-cü il oktyabrın 5-də azadlığa çıxmışdı.

  Əhsən Nuruzadə özünü təqsirli bilmir, ittihamın saxta olduğunu, Müsəlman Birliyi Hərəkatının üzvü və təşkilatın rəhbəri Taleh Bağırzadənin tərəfdarı olduğuna görə cəzalandırıldığını deyirdi.

  Narkotik ittihamından əvvəl də Əhsən Nuruzadə iki dəfə “polisin tələbinə tabe olmamaq” ittihamı ilə 10 sutkalıq inzibati həbs cəzası almışdı.

  Hazırda Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Teqlər