Azərbaycanlı politoloqdan Türkiyəyə qarşı ağır ittiham:
“Suriyada yaşanan qətliama görə Hakan Fidanın böyük məsuliyyəti var”
Azərbaycanlı politoloq Suriyada yaşanan qətliama görə Türkiyə rəhbərliyinin də məsuliyyət daşıdığını bildirib.
Xaqani Cəfərli feysbuk üzərindən yaydığı təhlildə ələvilərin kütləvi qətliamına toxunaraq yazır: “Suriyada bir qətliam baş verir və yayılan görüntülər izləyənləri sarsıtmaqdadır. Şara hökumətinə bağlı qüvvələr mindən artıq dinc sakini öldürüb. Öldürülənlərin ən azı 20 faizi qadın və uşaqlardır”.
Politoloq sonra qeyd edir: “Türkiyə dövlətinin ən önəmli dövlət institutlarının önündə yer alan Milli İstixbarat Təşkilatına (MİT) 13 il rəhbərlik etmiş, indi isə xarici işlər naziri olan Hakan Fidanın buraxdığı kobud səhvlərin nəticəsidir ki, bu gün Türkiyə HTŞ-nin törətdiyi qətliamının təşviqedicisi olmaqda ittiham olunur. Suriyada yaşanan qətliama görə HTŞ-dən sonra ən çox ittiham olunan tərəf Türkiyədir. Bunda isə 2010-cu ildən 2023-cü ilə qədər 13 il ərzində MİT-ə rəhbərlik etmiş, 2023-cü ildən isə xarici işlər naziri olan Hakan Fidanın böyük məsuliyyəti var”.
Xaqani Cəfərli xəbərdarlıq edir ki, HTŞ-nin qətliamlarının daha geniş miqyas alması və böyük çoğrafiyaya yayılmaq təhlükəsi var. Bundan isə ən çox Türkiyə zərər görəcək.
Onun fikrincə ələvilərə qarşı baş verən qətliam əslində gözlənilən idi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, təkfirçi cəryanlar fərqli dini və dünya görüşləri olan insanlarla dinc yanaşı yaşaya bilmirlər. Yüz il, min il keçsə də bu münasibət dəyişməyəcək. Bu səbəbdən təkfirçi ideologiya üzərində qurulan HTŞ-nin fərqli dini və dünya görüşü olan insan qrupları ilə dinc yanaşı yaşaması mümkün deyil.
Təhlilin sonunda deyilir ki, Azərbaycanı bu yanğından qorumağın tək yolu Yaxın Şərq bataqlığından uzaq durmaqdır.