Rəsmi Bakı sülh prosesinin ləng getməsinə görə İrəvanı günahlandırır
Ceyhun Bayranmov: Ermənistan sürətlə silahlanır
Azərbaycanın xarici işlər naziri sülh prosesinin ləng getməsinə görə İrəvanı günahlandırıb.
Ceyhun Bayramov Astanada jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: “Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qalmaqdadır”.
Bu arada Azərbaycan mediası Ermənistanın müxalif “Hraparak” nəşrinə istinadla qonşu ölkənin yeni müharibəyə hazırlaşdığını iddia edib.
Axar.az bildirir ki, ötən həftənin cümə günü Nikol Paşinyanın parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri, hökumət və partiyanın idarə heyətinin nümayəndələrinin iştirakı ilə baş tutan qapalı görüşündə Azərbaycanla sülh prosesi müzakirə olunub.
Hraparak-ın yazdığına görə, təcili görüşdə Paşinyan fraksiya üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, İlham Əliyev nə ərazi iddialarından, nə də dəhliz tələbindən əl çəkir, imtina ediləcəyi təqdirdə müharibə qaçılmaz olacaq.