Türkiyə olaylarına Azərbaycanda münasibət eyni deyil
Müsavat başqanı etirazçılara dəstək verdi
Azərbaycan Respublikasında Türkiyədəki etirazlara görə bəzi partiyalar Ərdoğan hökumətini dəstəkləsələr də, Müsavat Partiyası bu həssas məsələdə öz yolunu ayırıb.
Müsavat başqanı Arif Hacılı bununla bağlı bildirib: “Biz qanunun aliliyi, azad seçki, hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi, fundamental insan haqlarının tərəfdarıyıq və həyatımızı bu dəyərlər uğrunda mübarizəyə həsr etmişik”.
Onun sözlərinə görə, Müsavat Partiyasının Azərbaycanda və bütün dünyada baş verənlərə münasibəti prinsip və sadiq olduğu dəyərlərə əsaslanır. Bu baxımdan Türkiyədə “Haqq, Hüquq, Ədalət” şüarı ilə mübarizə aparanlara dəstək verir.
Qeyd edək ki, Türkiyədə İstanbul Böyük Şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi qarşısında Azərbaycan hakimiyyəti 6 gündür, sükutunu davam etdirir.